Friday, 25 September 2020

Siyasi Partiyanın yaradılması (How to create a political party?)

 

        Siyasi Partiyalar haqqında qanunun 1-ci maddəsinə görə Siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə bu Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

            Siyasi partiyanın qeydə alınması üçün onun ən azı 1000 (min) nəfər Azərbaycan Respublikası vətəndaşı olan üzvü olmalıdır.[1] Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir.[2] Habelə, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılması və fəaliyyəti də qadağandır.[3]

Hüquqi şəxslərin, habelə siyasi partiyaların yaradılması iki mərhələni özündə əks etdirir:

1)     hüquqi şəxsin-siyasi partiyanın təsis edilməsi;[4]

2)     hüquqi şəxsin-siyasi partiyanın dövlət qeydiyyatı.[5]

            Siyasi partiyanın təsis edilməsi onun dövlət qeydiyyatı anına qədər olan fəaliyyəti əks etdirir. Belə ki, bu mərhələdə təsisçi və yaxud təsisçilər hüquqi şəxsin yaradılmasına yönələn müstəqil iradələrini ifadə etmək məqsədilə müəyyən qərarlar qəbul edir və sonra bu qərarlarını müvafiq dövlət orqanlarına bildirirlər.

 

1.     Siyasi partiyanın təsis edilməsi. Siyasi partiyanın təsis edilməsi üçün əvvəla təsis qurultayı keçirilməlidir.[6] Bu cür təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi siyasi partiyanın təşəbbüsçülərinin yaratdığı təşkilat komitəsi tərəfindən həyata keçirilir.[7] Siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə məlumat təşkilat komitəsi tərəfindən kütləvi informasiya vasitələrində dərc etdirilməlidir.[8] Nəhayət təsis qurultayının keçirilməsi ilə təşkilat komitəsinin fəaliyyətinə xitam verilir.[9] Bu andan etibarən, Təşkilat komitəsinin sərəncamında olan əmlak və pul vəsaiti yeni yaradılacaq olan siyasi partiyanın sərəncamına keçir.[10] Keçirilən təsis qurultayında siyasi partiyanın nizamnaməsinin (a) və proqramının qəbul olunması (b), rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması (c) baş tutur.[11]

a)     Siyasi Partiyanın nizamnaməsinin qəbul olunması. Təsis qurultayında hazırlanan siyasi partiyanın nizamnaməsində aşağıdakılar öz əksini tapmalıdır:[12]

●siyasi partiyanın adı, adının qısaldılmış forması, məqsədləri və vəzifələri; Siyasi partiyanın adı, adının qısaldılmış forması və rəmzləri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış digər partiyaların adından və rəmzlərindən fərqlənməlidir.[13]

●siyasi partiyanın strukturu;

●siyasi partiyanın üzvlüyünə qəbul olunmağın və ondan çıxmağın şərtləri və qaydası;

●siyasi partiyanın üzvlərinin hüquqları və vəzifələri;

●siyasi partiyanın üzvləri barəsində Azərbaycan Respublikasının qanunlarına zidd olmayan intizam tədbirləri və bunların tətbiqinin əsasları;

●ərazi təşkilatları ilə qarşılıqlı münasibətləri;

●siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri;

●qərarların, o cümlədən siyasi partiyanın ləğvi barədə qərarın qəbul olunması, həyata keçirilməsi qaydası və nəzarət formaları;

●partiya üzvlərinin və onların nümayəndələrinin yığıncağının çağırılması şərtləri, formaları və müddətləri;

●Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı siyasi partiyadan nümayəndələrin irəli sürülməsi qaydası;

●siyasi partiyanın orqanlarında iradənin ifadə olunması qaydası;

●siyasi partiyanın üzvlərinin siyasi partiyanın rəhbər orqanlarının qərarlarından şikayət etmək qaydası;

●siyasi partiyanın vəsaitinin və başqa əmlakının əmələ gəlməsi mənbələri;

●siyasi partiyanın nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi qaydası;

●siyasi partiyanın fəaliyyətinə xitam verilməsi qaydası və onun əmlakının taleyi.

           

b)     Siyasi partiyanın proqramının qəbulu. Siyasi partiya məqsəd və vəzifələrini, fəaliyyət prinsiplərini və metodlarını əks etdirən proqrama malik olmalıdır.[14] Siyasi partiya dövlət qeydiyyatına alınan zaman bu proqramını müvafiq icra hakimiyyəti orqanına – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim etməlidir.[15]

 

c)     Rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması. Siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır.[16] Siyasi partiyanın qurultayı siyasi partiyanın kollegial orqanlarını formalaşdırır.[17] Siyasi partiyanın digər rəhbər orqanları, rəhbər orqanlarının təşkili qaydaları və səlahiyyətləri yuxarıda göstərilən qaydada siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilir.[18]

 

 

2.     Siyasi partiyanın dövlət qeydiyyatı. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunmalıdır.[19] Bunun üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına – Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir.[20] Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.[21]  Ərizədə aşağıdakılar göstərilir:

● təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

● ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda - habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli qərarı ilə təsdiq edilən ərizə formasında müəyyən edilən digər məlumatlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

● təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən siyasi partiyanın təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən  təsdiq edilmiş nizamnaməsi[22] – 2 nüsxədə; habelə həmin siyasi partiyanın təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar, Siyasi partiyanın təsis qərarında həmçinin proqramın qəbul olunması göstərilməlidir (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);

●dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli,  ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi);

●təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

●təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

●hüquqi şəxs statusu almaq istəyən siyasi partiyanın hüquqi ünvanı – siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı təsdiq edən sənəd – təsisçilərin qərarı;

●qanuni təmsilçi seçilmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

 “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd;

●siyasi partiyanın  təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat;

siyasi partiyanın proqramı;

● partiyanı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda);

●ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.

Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı – Ədliyyə Nazirliyi tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.[23] Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.[24] Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.[25] Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir.[26]



[1] Siyasi partiyalar haqqında qanun, Maddə 3;

[2] Siyasi partiyalar haqqında qanun, Maddə 4;

[3] Siyasi partiyalar haqqında qanun, Maddə 4;

[4] Mülki Məcəllə, Maddə 45;

[5] Mülki Məcəllə, Maddə 48;

[6] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.1;

[7] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.2;

[8] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.3

[9] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.4;

[10] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.5;

[11] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.1; 

[12] Siyasi partiyalar haqqında qanun, Maddə 6;

[13] Siyasi partiyalar haqqında qanun, Maddə 7;

[14] Siyasi partiyalar haqqında qanun, Maddə 6-1.1;

[15] Siyasi partiyalar haqqında qanun, Maddə 6-1.2;

[16] Siyasi partiyalar haqqında qanun, Maddə 10.1;

[17] Siyasi partiyalar haqqında qanun, Maddə 10.2;

[18] Siyasi partiyalar haqqında qanun, Maddə 10.3;

[19] Siyasi partiyalar haqqında qanun, Maddə 5-1.6;

[20] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə 5.1;

[21] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə 5.2;

[22] Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarının 2.11-ci maddəsinin tələblərinə görə, qeyri-kommersiya qurumlarının nizamnaməsinin (əsasnaməsinin) titul vərəqində onların qeydiyyat nömrəsi, qeydiyyat tarixi və dövlət qeydiyyatı orqanının adının qeyd olunması üçün müvafiq hissə olmalıdır;

[23] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə 8.2;

[24] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə  8.3;

[25] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə 8.4;

[26] Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanun, Maddə 8.5.

 

 

“Should pharmaceutical companies be allowed to enforce patent rights on their COVID-19 vaccines?” from Law and Economics Perspective

  Amongst the fight against the life-threatening COVID-19 pandemic, the question arises whether or not pharmaceutical companies must be gran...