Son günlərdə ölkəmizdə baş verən hadisələrlə
əlaqədar insanları maraqlandıran mövzulardan biri II Dağlıq Qarabağ
müharibəsinə cəlb olunan işçilərlə olan əmək münasibəti və onların maddi
təminatı məsələsidir. Belə ki, iş yerini tərk edərək könüllü döyüşməyə gedən,
hərbi toplanışa çağırılan və qismən səfərbərliyə alınan insanların sayı olduqca
çoxdur. Bu yazıda qanunvericinin bu məsələlərə münasibətdə mövqeyi diqqət
mərkəzinə alınmışdır. Aşağıda sentyabr ayı ərzində baş verən hadisələr
xronoloji ardıcıllıqla ələ alınır və qanunvericinin məsələlərə fərqli yanaşması
araşdırılır.
İlk öncə, Səfərbərlik və Hərbi Xidmətə
çağırış üzrə Dövlət Xidmətinin 2020-09-21 tarixli saat 09:53:53 məlumatına
əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununa
əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama
və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra “SHXÇDX”) tərəfindən
ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim
toplanışlarına çağırılması həyata keçirilir və bu səfərbərlik deyil.
Qanunvericiliyin bu cür hərbi vəzifəli işçilərin hərbi təlim və toplanışlarda
iştirakı ilə əlaqədar mövqeyi birmənalıdır və elə bir problem də doğurmur. Belə
ki, Əmək Məcəlləsinin 179.1.(g) bəndinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı
vəzifələrinin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və
səlahiyyətləri daxilində digər hərbi tədbirlərdə iştirak etdikdə, onun iş yeri
və orta əmək haqqı işəgötürən tərəfindən saxlanılmalıdır.
Əmək Məcəlləsi ilə yanaşı, “Hərbi vəzifə və
hərbi xidmət haqqında” qanunda da bununla bağlı müddəa var. Həmin qanunun
52.1.bəndinə əsasən, toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə
vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış
keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əmək haqqı
saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən
toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə
bilməz.
Oxşar müddəa həmçinin 1997-ci il 3 oktyabr
tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə də öz əksini tapmışdır. Həmin
Əsasnamənin 147.bəndində deyilir ki, toplanışa çağırılmış və ya komandir
məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir məşğələləri) ərzində,
hərbi hissəyə gəlib çatması və geri qayıtması vaxtı da nəzərə alınmaqla tutduğu
vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.
Qanunvericilik
bu cür təlim toplanışlarının müddətini də müəyyən etmişdir. “Hərbi vəzifə və
hərbi xidmət haqqında” qanunun 45.2.bəndinə əsasən:
● birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə
beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq ;
● ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç
dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
● üçüncü dərəcəli ehtiyatda olanlar – 1 ayadək müddətə bir dəfə.
Hadisələrin sonrakı gedişatında, Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin 27 sentyabr 2020-ci il tarixli
fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının
bütün ərazisində hərbi vəziyyət elan edildi.
Daha sonra, 28 sentyabr 2020 tarixində
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi
haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən SHXÇDX təsdiq edilmiş planlara
uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi
xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin
həyata keçirilməsini təmin etmək tapşırılıb. Bu andan etibarən isə belə bir
sual yaranır ki, toplanışa çağırılan işçilərə tətbiq olunan normalar eynilə
səfərbərlik üçün də tətbiq olunmalıdır, ya səfərbərlik üçün qanunvericilikdə
başqa tənzimləmə nəzərdə tutulur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov 1 oktybar 2020 tarixində
bildirib ki, “Əmək Məcəlləsinə əsasən əgər işçi hərbi mükəlləfiyyətlə bağlı
vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilirsə,
işçinin iş yeri və orta aylıq əmək haqqı saxlanılır”. Fazil Talıbov həmçinin
bildirib ki, Əmək Məcəlləsi ilə yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında”
qanunda da bununla bağlı müddəa var: "Qanuna əsasən toplanışa
çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri,
toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş
yerində və orta aylıq əməkhaqqı saxlanılmaqla iş prosesindən azad edilirlər.
Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin
əmək müqaviləsinə xitam verilə bilməz. Bu hallarda əmək münasibətlərinin
tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermək səlahiyyətinə də
malikdir. Hərbi komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı
nəzərə alınmaqla, hərbi və xüsusi toplanışa cəlb edilən işçi barədə işəgötürən
tərəfindən əmrdə həmin dövrün başlanma tarixi qeyd edilir. Həmin dövrdə işçinin
orta aylıq əməkhaqqının saxlanılması barədə məlumatlar göstərilir, bununla
bağlı müvafiq tapşırıqlar verilməsi qanuna müvafiq olaraq həyata
keçirilir". Cənab Fazil Talıbovun mövqeyindən belə anlaşılır
ki, “hərbi toplanış” və “səfərbərlik” arasında
fərq yoxdur və hərbi toplanış haqqında olan müvafiq müddəa səfərbərlik üçün də
tətbiq olunmalıdır. Bu barədə qanunvericinin mövqeyini isə aşağıda
nəzərdən keçirək.
“Hərbi vəzifə və hərbi xidmət haqqında qanun”un
24-cü Maddəsinə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda
xidmət olmaqla iki növü fərqləndirilir. Həmin qanunun
2.0.3.bəndində “ehtiyatda xidmət”-ə “toplanışlar keçmək və müharibə
zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət
olan xidməti fəaliyyət” kimi anlayış verilir. Sözügedən qanunun 45, 46 və 52-ci
Maddələri “Toplanışların keçirilməsi”nə həsr edilmişdir. Səfərbərlik üzrə hərbi
vəzifələrin yerinə yetirilməsi məsələləri isə qanunun 1.2.bəndinə görə
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”
Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə
tənzimlənir. Oxşar müddəa “Hərbi vəziyyət haqqında qanun”da da öz əksini
tapmışdır. Qanunun 9-cu Maddəsinə görə, hərbi vəziyyətin tətbiqi ilə
əlaqədar səfərbərliyin elan edilməsi “Azərbaycan Respublikasında səfərbərlik
hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq həyata keçirilir.
“Azərbaycan Respublikasında səfərbərlik
hazırlığı və səfərbərlik haqqında” qanunun 1.0.2-ci bəndində səfərbərliyə
verilən anlayışa görə səfərbərlik - Azərbaycan Respublikası
iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə
orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər
silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən
edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.
Buradan da aydın olur ki, hərbi vəzifəlilərin ehtiyatdan hərbi təlim və
toplanışlara çağırılması ilə səfərbərliyə alınması qanunvericinin gözündə
bir-birindən fərqləndirilir. Belə ki, səfərbərlik üçün yuxarıda göstərilən
anlayışda “müharibə dövrü” şərti qoyulsa da, hərbi toplanış və təlimlər üçün bu
cür “prerequisite” müəyyən olunmayıb. Həmçinin, hərbi təlim və toplanışlar
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla tənzimləndiyi halda,
səfərbərlikdən doğan məsələlər “Azərbaycan Respublikasında səfərbərlik
hazırlığı və səfərbərlik haqqında” qanunu ilə müəyyən olunur.
Bundan əlavə olaraq, qanunvericilik hərbi
vəzifəlilərin təlim və toplanışları üçün yuxarıda göstərilən qaydada xüsusi
müddətlər müəyyən etsə də, səfərbərlik barədə bu cür müddət müəyyən
olunmamışdır. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik
haqqında” qanunun 16. Maddəsinə əsasən, vətəndaşların səfərbərlik üzrə hərbi
xidmətə çağırışı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və
qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin səfərbərlik
planlarında müəyyən edilmiş müddət ərzində həyata keçirilir. 18.1-ci bəndə görə
isə Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir.
Yuxarıda deyilənlərə əsasən belə qənaətə gəlmək
olar ki, toplanışların keçirilməsi və səfərbərlik tamam ayrı anlayışlardır və
ölkəmizdə də eyni vaxtda deyil, ümumi vəziyyətə uyğun olaraq ardıcıllıqla
həyata keçirildi. Deməli, səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan
işçilərlə olan əmək münasibətləri xüsusi tənzimləmə tələb edir. Təəssüf ki,
nə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik
haqqında” qanunda, nə Əmək Məcəlləsində, nə də digər qanunvericilik aktlarında
bu barədə norma nəzərdə tutulmayıb. Sual yaranır ki, bu cür normanın yoxluğunda
toplanışlarla bağlı yuxarıda bəhs etdiyimiz norma hüququn analogiyası
qaydasında səfərbərliyə cəlb olunan işçilərə münasibətdə də tətbiq
olunmalıdırmı?
Səfərbərliyin hərbi xidmətin bir növü olduğunu
nəzərə alaraq, səfərbərliyə cəb edilən işçilərə münasibətdə işəgötürənlərin
tətbiq etməyə yaxın olduğu həll yollarından biri də Əmək Məcəlləsinin 74.1.(a)
bəndinə əsasən, işçi hərbi xidmətə çağırıldıqda tərəflərin iradəsindən və
istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsidir.[1] Maddədə öz əksini tapan “hərbi
xidmət” anlayışı, yuxarıda da qeyd etdiyimiz kimi həm həqiqi
hərbi xidməti, həm də ehtiyatda xidməti əhatə
edir.[2] Ehtiyatda xidmət isə özlüyündə toplanışlar
keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış
qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir.[3] Deməli, maddədə nəzərdə tutulan “hərbi
xidmət” anlayışı səfərbərlik halını da ehtiva edir və səfərbərlik
halında da tətbiq olunur.
Lakin müəmmalı məsələ ondadır ki, Məcəllə
sonrakı maddələrdə bir daha “hərbi xidmət” ifadəsindən
istifadə etmir və onu hərbi xidmətin bir növü olan “həqiqi hərbi
xidmətlə” əvəz edərək ehtiyatda xidmət və onun növlərini öz
tənzimləməsindən kənarda qoymuş olur. Məsələn, 77.9. Maddədə deyilir ki:
Qanunvericiliklə müəyyən edilmiş qaydada
müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə
olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı
olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə
çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan
ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər
vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Göstərilən iki
maddənin (74.1.(a) və 77.9) müqayisəli təhlilindən bu anlaşılır ki, sanki,
işəgötürən hərbi ximətə (istər həqiqi hərbi xidmət, istərsə də ehtiyatda
xidmət) cəlb olunan bütün işçilərlə əmək müqaviləsinə bu əsasda xitam verə
bilər (Maddə 74.1.(a)) və müəssisədə yalnız həqiqi hərbi xidmətdən dönənlərin
iş yeri, vəzifəsi saxlanılır və onlar hərbi xidmətdən buraxıldıqdan ən geci 60
təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə
(peşəyə) qayıtmaq hüququndan istifadə edə bilər. Həqiqi hərbi xidmətə getmiş
işçinin yerinə cəlb olunan işçinin əmək müqaviləsinə isə Məcəllənin 74.1.(ə)
bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi
xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan
istifadə etdikdə -əsası ilə xitam verilir.
Ölkəmizin hal-hazırda içindən keçdiyi dövrdə
yuxarıda sadalanan bu məsələlərə aydınlıq gətirilməsi olduqca mühüm məsələdir.
Belə ki, qanunvericinin mövqeyi yetəri qədər aydın deyil və çaşqınlıq yaradır.
Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ
Azərbaycandır!
Regards,
Kanan Khalilov
Əsas anlayışlar:
hərbi
vəzifə - qanunvericiliklə
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi
qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və
könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və
toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir;[4]
hərbi
xidmət – dövlət
qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil
olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və
müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;[5]
ehtiyatda
xidmət – toplanışlar
keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə
yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;[6]
hərbi
qulluqçular – həqiqi
hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya
könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq
icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;[7]
hərbi
vəzifəlilər – ehtiyata
keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları.[8]
[1] Əmək Məcəlləsinin 77.7. bəndinə
görə bu halda işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli
miqdarında müavinət ödəyir;
[2] “Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun”, Maddə 24;
[3] “Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun”, Maddə 2.0.3.
[4] Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun, Maddə 2.0.1;
[5] Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun, Maddə 2.0.2;
[6] Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun, Maddə 2.0.3;
[7] Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun, Maddə 2.0.9;
[8] Hərbi vəzifə və hərbi xidmət haqqında
qanun, Maddə 2.0.10.