Monday, 27 July 2020

Məhdud məsuliyyətli cəmiyyətində (MMC) icra orqanının səlahiyyətlərini icra edən kənar idarəçinin MMC qarşısında məsuliyyəti (Liability of an external manager acting as an executive body before a Limited Liability Company (LLC))

Mülki Məcəllənin 91-2.5.Maddəsinə əsasən kənar idarəçi icra orqanı kimi MMC-yə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçirməsi nəticəsində qanunvericilkdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Qanunvericilikdə icra orqanının hüquqi şəxs qarşısında məsuliyyəti isə Məcəllənin 49.3.Maddəsində təsbit edilmişdir. Həmin maddə hüququ şəxsin icra orqanının hüquqi şəxs qarşısında fidusiar öhdəliklərini nəzərdə tutur. Belə ki, kənar idarəçi də idarə etdiyi şirkət ilə münasibətdə fidusiar hesab olunur, çünki təyin edildiyi andan hüquqi şəxsin adından çıxış edir. Maddədə deyilir ki, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.[1] Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.[2]

Ümumi qayda olaraq hüquq ədəbiyyatında əsas fidusiar öhdəliklər – “duty of care”, “duty of good faith”, və “duty of loyalty” (triple A duties) hesab edilir. Bu üç əsas fidusiar 49.3.Maddəyə parçalanaraq “vicdanla, peşəkar qaydada, ehtiyyatla, ədalətli və qərəzsiz” şəkildə daxil edilmişdir. Fikrimcə isə, “care”,”good faith” və “loyalty” bu vəzifələrin hamsını əhatə edir. Bunlar dünyanın hər yerində qəbul edilmiş fidusiar öhdəliklərdir (fudiciary duties). Sual yaranır, bəs bu cür fidusiar öhdəliklər pozulduqda və hüquqi şəxsə və ya onun səhmdarına/payçısına zərər dəydikdə nə baş verir? Bu cür zərər necə kompensasiya olunmalıdır? Kim məhkəmədə icra orqanına və ya onun səlahiyyətlərini yerinə yetirən kənar idarəçiyə qarşı iddia qaldırmalıdır? Çünki hüquqi şəxs öz təkbaşçı və ya kollegial icra orqanına qarşı iddia gətirə bilmir.[3] Ona görə də yeganə çıxış yolu səhmdar/payçının qaldıracağı iddiadır. 49.3-cü Maddəyə əsasən bu cür səhmdar/payçı nizamnamə kapitalında 5/5+ % səhmə/paya sahib olmadır.

Bu halda, səhmdar/payçı direktora qarşı bilavasitə hüquqi şəxsə dəymiş zərərə görə “derivative action”, birbaşa özünə dəymiş zərərə görə isə “direct action” qaldıra bilər.[4] Fikrimcə, “derivative action” daha çətindir, çünki səhmdar/payçı sübut etməlidir ki, hüquqi şəxsə icra orqanının fidusiar öhdəliklərini pozması nəticəsində zərər dəyib. “Direct action” isə fikrimcə, daha münasib və əlverişlidir. Məsələn, səhmdar/payçı divident ala bilməyib. Çünki divident ancaq hüquqi şəxs il sonunda xeyirdə olanda bölüşdürülür və icra orqanının fidusiar öhdəliklərini pozması nəticəsində hüquqi şəxs və dolayısıyla səhmdar/payçı bu cür “profit”dən məhrum olub. Əksər hallarda actionlardan biri gətirilir, ikisi birlikdə çətindir.

Əlavə olaraq, ola bilər ki, icra orqanı fidusiar öhdəliklərini pozsun amma hüquqi şəxsə zərər dəyməsin, bu halda icra orqanın yuxarıda göstərdiyimiz qaydada məsuliyyəti yaranmır.

Son olaraq, Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.[5]



[1] AR Konstitusiya Məhkəməsi 16 noyabr 2016-cı il tarixli qərarında da bu mövqeyi təsdiqləmişdir;

[2] “derivative action” üçün əsas;

[3] Beynəlxalq təcrübədə Direktorlar Şurasının (Müşahiə Şurasının) Sədri bu cür iddia gətirə bilər, lakin Azərbaycanda isə bu cür praktika məlum deyil;

[4] Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 49.4;

[5] Mülki Məcəllə, Maddə 49.5.

 

Saturday, 25 July 2020

Müqavilədən yaranan hüquq və öhdəliklərin ötürülməsi qaydası (Procedure for transfer of rights and obligations arising from the contract)

Müqavilədən yaranan hüquqların kreditor tərəfindən hər hansı üçüncü şəxslərə ötürülməsi onlar arasında tələbin güzəşti (sessiya) haqqında əqdin bağlanması ilə mümkündür. Sessiya əvvəlki kreditorla (sedent) yeni kreditor (sessionari) arasında borcluya yönəlik tələb hüququnun yeni kreditora (sessionariyə) güzəşti haqqında müqavilədir. Yəni bu halda yeni və əvvəlki kreditorun razılaşması mütləqdir, əvvəlki kreditorun birtərəfli qaydada hüququnu güzəşt etməsi barədə iradə ifadəsi yetərli deyildir. Bu cür hüquq, habelə tələblə bağlı olan digər hüquqlar, qanun və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yeni kreditora əvvəlki kreditorda olduğu həcmdə keçir.[1] Tələbin güzəşti barədə razılaşmanın forması haqqında onu da qeyd etmək istərdim ki, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.[2]

Borclunun razılığına gəldikdə isə ümumi qayda olaraq, borclunun razılığı lazım deyil,[3] çünki borclu üçün öhdəliyi kimə münasibətdə icra etməsi məsələsi elə bir əhəmiyyət kəsb etmir. Bəzi hallarda isə, məsələn, “A” bank ilə “B” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə tələbin güzəştinin qeyri-mümkünlüyü razılaşdırılıbsa (hansı ki yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür), bu cür hüquqların “A” bank (kreditor) tərəfindən üçüncü şəxslərə ötürülməsi qeyri-mümkün ola bilər.[4] Yenə də, istənilən halda, “A” bank ilə “B” MMC arasında olan müqaviləyə baxmaq lazımdır.

Əlavə olaraq hüquqların və öhdəliklərin ötürülməsini bir-birindən fərqləndirmək lazımdır. Belə ki, yuxarıdakı misalda kredit müqaviləsi üzrə “A” bank  əsas öhdəliyini (kredit vermək) yerinə yetirənə qədər borclu, öhdəliyini yerinə yetirdikdən sonra isə bu müqavilə üzrə kreditor olaraq çıxış edəcəkdir.

            Öhdəliyin ötürülməsi zamanı isə bir qayda olaraq, kreditorun (yuxarıdakı misalda "A" bankın) razılığı alınmalıdır.



[1] AR MM, Maddə 193.1;

[2] AR MM, Maddə 194.4;

[3] AR MM, Maddə 194.1;

[4] AR MM, Maddə 194.1.

“Should pharmaceutical companies be allowed to enforce patent rights on their COVID-19 vaccines?” from Law and Economics Perspective

  Amongst the fight against the life-threatening COVID-19 pandemic, the question arises whether or not pharmaceutical companies must be gran...